Yazıçı-jurnalist Böyükağa Mikayıllı “Yaradıcılıq axtarışları” kitabı ilə oxucularının görüşünə gəlib. Qeyd edək ki, bu kitab B.Mikayıllının “İşıq” sənədli romanından sonra işıq üzü görən ilk kitabıdır.
Kitabda respublikanın ayrı-ayrı təhsil ocaqlarında çalışan qabaqcıl müəllimlərin, eləcə də Bakının 129 və 230 nömrəli tam orta məktəblərinin iş təcrübəsindən bəhs olunur. Müəllif ayrı-ayrı müəllimlərdən və məktəblərdən bəhs etsə də, kitabda ümumi ahəng gözlənilir, ardıcıllıq, dinamika, sistemlilik nəzərə çarpır. Müəllif qabaqcıl müəllimlərin, məktəblərin iş təcrübəsi ilə tanış olub, onları təhlilə cəlb etməklə, maraqlı məqamları aşkara çıxarmış, hər bir müəllimin və məktəbin özünəməxsus iş təcrübəsini ümumiləşdirə bilmişdir. Kitabda yer alan publisistik yazıların, oçerklərin, məqalələrin hər biri gərgin jurnalist axtarışlarının, zəngin pedaqoji təcrübənin, yaradıcı yanaşmanın, elmi-pedaqoji təxəyyülün məhsuludur. Kitabda respublikamızın ən ucqar kənd məktəblərində çalışan müəllimlərin də adlarına rast gəlmək, fəaliyyətləri ilə tanış olmaq mümkündür. Müəllif bununla əsaslandırmaq istəyir ki, əsl müəllim üçün harada, hansı şəraitdə işləmək yox, hansı həvəslə, hansı amalla işləmək əsas şərtdir.
Burada yer alan yazıların hər birindən əsl yaradıcı müəllimin meydana gətirdiyi müasir dərs nümunəsini görmək mümkündür. Böyükağa Mikayıllı yaradıcı müəllimlərin hər birinin dərsini ustalıqla qələmə almış, müəllimlərin yalnız pedaqoji-metodiki hazırlıqlarını deyil, eyni zamanda onların şəxsi-mənəvi keyfiyyətlərini də təhlilə cəlb etmiş, bu amilin təlim-tərbiyədə müstəsna rolunu əsaslandırmışdır. Kitabda yer alan yazıların hər biri həm də elmi-metodiki səciyyəsi ilə diqqəti cəlb edir.
Azərbaycan Təhsil Şurasının “Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsi çərçivəsində çap olunan kitabın elmi redaktoru və ön sözün müəllifi pedaqoji elmlər doktoru, professor Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Əjdər Ağayev, rəyçilər pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadə, İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini, metodist Vahid Tağıyev, Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Xəlilovadır.
Hiç yorum yok:
Yorum Gönder